
Instagram-da həyat
Instagram rəngarəng şəkillər bolluğu, kontent müxtəlifliyi, izləyici sayını artırmaq mübarizəsi ilə fərqlənən, bizneslərə digital reklamları təqdim etmək üçün şans verən - bir çox insanın sevərək istifadə etdiyi sosial şəbəkədir.
Lakin bizim “instagram”ı istifadə edərkən unutduğumuz bir sıra məqamlar var. Qeyri-professional “instagram” istifadəçiləri hansı detalları unudur?
Unutduğunuz hər şeyi sizin üçün təqdim edirik:
- Instagram-da təqdim etdiyiniz obrazın da siz olduğunuzu;
- Bəzən çox səmimiyyətsiz davranışlar sərgilədiyinizi;
- Özünüz haqqında həddindən artıq dolğun və ya çaşdırıcı məlumatlar qeyd etdiyinizi;
- Bu platformada olan hadisələrə sadəcə bir yöndən baxmamalı olduğunuzu;
- Səbirsiz davrandığınızı;
- Diqqət çəkmək üçün hər məqamda başqa istifadəçiləri təqlid etməyin, fərqli fikirlər yaratmamağın səhv addım olduğunu;
- Öz izləyici kütlənizi düzgün formalaşdırmadığınızı və s.
İnanın ki, bu siyahı saymaqla və yazmaqla tükənmir.
Bəs instagram-da böyümək üçün nələr etməliyik? Bu platformada böyüməyi düşünmək çox gözəldir. Amma böyümədən öncə düşünməli olduğunuz ilkin məqam odur ki, siz öz şəxsi hesabınızı müəyyən bir səviyyəyə çatdırmalısınız. Instagram-da arzulanan istifadəçi olmalısınız. Bəs necə? Belə ki, hal-hazırda sizə məxsus olan real obrazın sosial versiyasını yaratmaq istəsəniz də, reallıqdan çox uzaqlaşmayın. Sizə bir nümunə təqdim edək ki, bizi daha rahat anlaya biləsiniz:
Instagram-da faydalı olmağa çalış
Düşünün ki, gənc bir müəllimsiniz. Məktəbdə dərs vermək əvəzinə online dərs keçmək metodu ilə vəzifənizi həyata keçirmək istəyirsiniz. (Bu, vaxt məhdudiyyəti, ailə məsuliyyəti, sağlamlıq problemləri və s. səbəbdən ola bilər. Və sizi instagram platformasında ancaq ailə üzvləriniz, tanışlarınız, dostlarınız və s. - ətrafınızdakı yaxın insanlar izləyirlər.
O zaman siz instagram-da fərqlənmək üçün nə etməlisiniz?
Daha çox tələbə qazanmaq şansını əldə etmək, təkcə real dünyada deyil, sosial şəbəkələrdə də sevilən müəllim obrazı ilə seçilmək istəyirsinizsə, sosial şəbəkədə “öyrədici” kimliyinizlə birlikdə “faydalı” kimliyinizi də üzə çıxarın. Belə ki;
1. Hesabınızın “bio” hissəsində lazımlı məlumatları – ad, soyad, ixtisas (məsələn, coğrafiya müəllimi), təcrübə (illərlə təcrübəsi olanlar qeyd etsə, daha yaxşı olar) və s. qeyd edin. Bio-da online təlim keçdiyinizi vurğulamaq da müsbət hal olardı.
2. Profilə qeyri-səmimi və çox ciddi olmayan (lakin professional) bir foto əlavə edin. Məsələn, bu, dünya xəritəsi fonunda lövhə qarşısında foto ola bilər.
3. Instagram-da highlights bölməsi mövcuddur. Bu bölmə “bio” hissəsindən aşağıda yerləşir. Story-lərə (yəni, hekayə bölməsinə) 24 saatlıq əlavə etdiyiniz şəkil və videolardan uyğun olanları seçib buraya əlavə edə bilərsiniz. Məsələn, səyahət etdiyiniz bir ölkənin fərqli mənzərələrini və ya ölkəmizin coğrafiya dərsliklərində əks olunmuş fərqli coğrafi üstünlükləri haqqında məlumatları highlights-da paylaşmaq izləyicilərdə maraq yarada bilər. Unutmayın ki, sadəcə müəllim kimliyi ilə tanınmaq yanlışdır, gündəlik həyatınızdan da paylaşımlar edin, azacıq real olun. Məsələn, 8 mart bayramında şagirdlərinizin hədiyyə etdiyi çiçəklərlə bir post paylaşın.
4. Dərs mövzularından qısa izahlar, dünyanın ən qeyri-adi yerlərini paylaşmaqdan və bu istiqamətdə məlumat verməkdən çəkinməyin. Belə olduqda siz təkcə coğrafiya müəlliməsi olmayacaqsınız, instagram-da həvəslə izlənən və faydalı məlumatlar bölüşən istifadəçi kimi fərqlənəcəksiniz. Yenilikləri kəşf etmək öz əlinizdədir.
5. Instagram alətlərindən istifadə edin. Etiketlər (hashtag), hekayə, kontent, reklam və s. haqqında ətraflı araşdırma edib tətbiq edin.
Bütün bunlarla yanaşı unudulan istifadəçi olmamaq üçün çabalayın. Ola bilər ki, vaxtınız yoxdur 3 günlük fasilə ilə paylaşım edirsiniz. Ola bilər, amma bu davamlılığı itirməyin. Eyni fasilə aralığı ilə irəliləyin (1 həftədən sonra yenidən paylaşım, 3 gündən sonra növbəti, daha 5 gün sonra növbəti post paylaşımı məsləhət deyil). Ən əsası, səbirli olun, istədiyinizə çox tez nail olmağa çalışmaq yanlış mövqedir.
Əziz instagram istifadəçiləri, unutmayın ki, instagram da qayğı istəyir.
Pulsuz təklif al